ULDUZLAR TELESKOPDA NECƏ GÖRÜNÜR?

Bütün zəmanələrdə çoxlu həvəskar astronomlar olmuşdur. Astronomiya onlar üçün maraq mənbəyi idi və bəzən bu maraq o dərəcə güclü həvəsə çevrilirdi ki, sonralar həmin həvəskarlar peşəkar astronomlara çevrilirdilər.

Müasir dövrdə astronomiya ilə məşğul olmaq üçün təkcə həvəs kifayət deyil, dərin peşəkar biliklər gərəkdir. Bununla belə, müşahidələrin elə növləri vardır ki, həmin müşahidələrdə həvəskarlar indiyədək mütəxəssislərə əsaslı yardım göstərirlər. Məsələn, yeni kometaların kəşfi, dəyişən ulduzlar, meteorlar, gümüşü buludlar üzərində müşahidələr və s.

Hazırda astronomiya nə deməkdir? Ən əvvəl, o, müşahidələrə əsaslanmaqda davam edir. Lakin həvəskar astronomlardan fərqli olaraq, peşəkar müşahidəçilər, demək olar, öz teleskoplarına adi gözlə baxmırlar – onlar başqa, daha həssas şüalanma qəbuledicilərindən istifadə edirlər. Bu qəbuledicilər zəif işıq sellərinin təsirini toplamağa və ən incə ölçmələr aparılmasını təmin etməyə qadirdir. Müasir şüalanma qəbulediciləri informasiyanı birbaşa kompüterlərə verir. Sürətli kompüter təhlili müşahidələrin səmərəliliyini xeyli yüksəltmişdir.

“Ulduzlar teleskopda necə görünür?” sualının cavabı isə çox sadədir. Əlbəttə, parlaq işıqlı nöqtə kimi. Həqiqətən də, teleskopun optik sxemini hesablayarkən fərz olunur ki, obyektiv onun üzərinə düşən bütün şüaları bir nöqtədə – fokusda toplayır. Lakin bu hökm yalnız həndəsi optikanın mövqeyindən asılıdır. Həqiqətdə isə, işıq dalğa təbiətinə malikdir və ulduz kimi uzaq mənbədən Yerə dar şüa dəstələri şəklində deyil, səpilən sferik dalğa cəbhəsi kimi gəlib çatır. Onun xassələrindən biri difraksiyadır, yəni yolda rast gəlinən maneələrdən yan ötmək qabiliyyətinə malik olmasıdır. Obyektiv dalğa cəbhəsinin müəyyən hissəsini “kəsir” və onun kənarlarında işıq dalğalarının rəqsinin mürəkkəb mənzərəsi yaranır. Nəticədə fokal müstəvidə ideal nöqtəvi deyil, təhrif olunmuş – ulduzun işıqlı halqalarla əhatə edilmiş, diskşəkilli difraksiya təsviri yaranır. Mərkəzdə şüalanan enerjinin təqribən 86%-i toplanır. Onun qalan hissəsi isə difraksiya halqalarının arasında qeyri-bərabər paylanır. Difraksiya mənzərəsinin ölçüləri obyektivin diametrindən və şüalanmanın dalğa uzunluğundan asılıdır. Obyektivin diametri böyük olduqca, onun bucaq diametri kiçik olur. Difraksiya mənzərəsi yalnız parlaq ulduzlarda və nisbətən yüksək böyütmələrdə aşkar olunacaq. Zəif ulduzlarda difraksiya halqalarının parlaqlığı az olduğundan, insan gözü yalnız mərkəzi diski ayırd edə biləcək. Difraksiya hadisəsi teleskopun ayırdetmə qabiliyyətini məhdudlaşdıran təbii amildir. Əgər eyni parlaqlıqlı iki ulduz arasındakı bucaq məsafəsi difraksiya ləkəsinin diametrindən kiçikdirsə, onlar bır ulduz kimi görünəcək. Bu halda deyirlər ki, teleskop bu ulduzları ayırd edə bilmir. Ulduzların arasındakı məsafə artdıqca, onların birgə difraksiya mənzərəsinin mərkəzi ləkəsi dartılaraq səkkiz formasını alır və nəhayət, eyni parlaqlıqlı iki ləkəyə ayrılır. Bu halda müşahidə olunan ulduzun qoşalığı haqqında mühakimə yürütmək olar. Bütün bu deyilənlər o zaman doğru olacaq ki, teleskopun obyektivi idealdır. Əgər obyektiv xəta ilə hazırlanıbsa, düzgün qoyulmayıbsa və ya teleskopun bütün sxemi fokusdan çıxarılıbsa, müşahidə olunan difraksiya mənzərəsi bu barədə “məlumat” verəcək. Difraksiya mənzərəsindəki mərkəzi disk ellipsə çevrilə və ya tamamilə itə bilər. Halqa parçalanıb, diskin zəifləməsi hesabına güclənə bilər və s. İstənilən halda difraksiya mənzərəsinin hətta kiçicik dəyişməsi, teleskopun optik sxeminin xətasının göstəricisidir. Yer atmosferinin vəziyyəti də difraksiya mənzərəsinin keyfiyyətinə təsir göstərir. Konkret hava şəraitindən asılı olaraq, mərkəzi simmetriya saxlanmaqla difraksiya mənzərəsi ciddi dəyişikliyə uğraya bilər. Hava buludlu olduqda isə müşahidə aparmaq mümkün olmur.

Rəsədxananı qurarkən müşahidə yerinin seçilməsi məsələsi az əhəmiyyət daşımır. Kənd yerində və ya şəhər kənarında, göyün yaxşı görüş sahəsi olan açıq bir yer tapmaq o qədər də çətin məsələ deyil. Şəhərdə isə belə bir yeri, çox güman ki, tapa bilməyib, balkondan və ya pəncərədən müşahidə aparmaqla kifayətlənməli olacaqsınız. Ruhdan düşməyin. Hətta bu halda belə siz mürəkkəb müşahidələr apara bilərsiniz.

Mənbə:
Uşaqlar üçün ensiklopediya: astronomiya, Bakı 2008