Qütb parıltısı əslində nədir?

Dünyanın qütblərində müəyyən müddətlər üçün rəngarəng çalarlarla göz oxşayan işıq mənzərəsinə Qütb parıltısı, Qütb işıqları və ya Aurora deyilir. Bəs bu təbiət hadisəsi necə və harada meydana gəlir bilmək istəyirsinizmi? Dünyanın ən çox maraq toplayan bu möhtəşəm mənzərəsinin əslində necə yarandığını öyrənmək üçün oxumağa davam edin.

Qütb işıqlarının mənbəyi əslində Günəşdir. Lakin Günəşdən Dünyaya gələn işıq dalğaları deyil, işıqdan daha yavaş irəliləyən hissəciklərdir.

Bildiyimiz kimi, Günəşin səthində daima partlayışlar meydana gəlir. Partlayışlar demək olar ki, hər dəqiqə baş verir və bu partlayışlardan sonra çoxu elektron və protonlardan ibarət olan hissəciklər qaz halında Günəş atmosferinin xaricinə doğru 500 km\san sürətlə kosmosa yayılır. Astronomiyada bu hadisəyə Günəş küləyi deyilir.

Günəş işığı Dünyamıza 8 dəqiqəyə çatarkən, yüklü hissəciklər kosmosda bir neçə gün səyahət etdikdən sonra Yerin maqnit sahəsinə çatır.

Yeri yuvarlaq bir maqnit olaraq təsəvvür edək. Yerin içərisində olan maye metallar Yerin fırlanması ilə daimi hərəkət edər və bu hərəkət maqnit təsiri meydana gətirər. Maqnitlərin ətrafındakı maqnit sahə xətləri kimi, Yerin ətrafında da şimal və cənub qütbləri arasında maqnit sahə xətləri var. Bu xətlər adi gözlə görünməsə də, edilən ölçmələr nəticəsində maqnit sahəsinin varlığı sübut olunmuşdur.

Maqnitlər bir-birini cəzb edir, çünki aralarında maqnit sahəsi yaranır və bu sahələri adi gözlə görmək mümkün deyildir. Eyni məntiq dünyamız üçün də eynidir. Bu maqnit sahəsinə Yerin ən üst təbəqəsi olan Maqnitosfer təbəqəsi adı verilmişdir.

Bəs qütb işıqları necə yaranır?

Dünyanın maqnit sahəsi ilə Günəşdən gələn yüklü zərrəciklərin qarşılıqlı təsiri nəticəsində bu təbii hadisə – qütb parıltıları meydana gəlir.

Bəs bu qütb işıqları nəyə görə sadəcə qütblərdə meydana gəlir? Dünyanın maqnit sahəsi hər yerdə mövcud deyilmi?
Günəşdən gələn yüklü zərrəciklər sadəcə şimalamı gedir?

Məsələ burasındadır ki, Günəşdən gələn yüklü zərrəciklər Yerin maqnit sahəsinə ilişir. Bu hissəciklər birbaşa Yer səthinə irəliləmək yerinə Yerin maqnit sahəsi xətti ilə qütblərə doğru irəliləməyə başlayır. Bu səyahət zamanı hissəciklər atmosferdəki qazlarla qarşılıqlı təsirə keçərək havanı ionlaşdırmağa başlayırlar. Yəni, normalda müsbət və mənfi yükü olmayan qazları yüklü hala gətirirlər. Lakin bu proses çox uzun çəkmir. Elektronlar təkrar atomlarına geri qayıtdıqları zaman bu atomlardan işıq saçmağa başlayır. Bax bu zaman yaranan möhtəşəm işıqlar elə qütb işıqlarıdır.

Bəs nəyə görə bu işıqlar rəngbərəng olur?

İşıqların fərqli rəngdə olması enerji alıb verilən zaman hər səfərdə enerjinin fərqli miqdarlarda olmasıdır. Məsələn, qırmızı işıq az enerji alış-verişi zamanı ortaya çıxır. Bənövşəyi işıq isə yüksək enerji alıb-verilməsi nəticəsində meydana gəlir.

Bu mənzərəni sadəcə şimal və cənub qütblərində müşahidə edə bilərik. İndi nəyə görə bu mənzərənin məhz qütblərdə müşahidə edildiyini artıq bilirsiniz.

Qütb işıqlarını haradan daha yaxşı izləyə bilərik?

Qütb işıqlarını görmək üçün ən yaxşı yerlər Alyaska və Şimali Kanadadır. Lakin bu məkanları ziyarət etmək hava şəraitinin əlverişsiz olmasına görə hər zaman mümkün olmur. Norveç, İsveç və Finlandiya da qütb işıqlarını izləmək üçün ən çox ziyarət edilən yerlər sırasındadır. Hətta bəzi nadir hallarda qütb parıltısını Şotlandiya və Şimali İngiltərədən belə müşahidə etmək mümkün olur.

Onu da qeyd edək ki, Qütb işıqlarını izləmək üçün ən yaxşı zamanlar Sentyabr, Oktyabr, Mart və Aprel aylarıdır.