Ömər Xəyyam


Dahi filosof, şair, astronom və riyaziyyatçı Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri (18 may 1048 – 4 dekabr 1131) Səlcuq dövlətinin Nişapur şəhərində (Xorasan vilayəti) sənətkar ailəsində anadan olmuşdur (Xəyyam – ərəb dilində çadır ustası deməkdir).


Xəyyam riyaziyyat tarixində ilk dəfə olaraq bildirmişdir ki, üçüncü dərəcəli tənlikləri pərgar və xətkeş kimi qədim yunan alətləri ilə həll etmək mümkün deyil. 1070-ci ildə hazırladığı “Cəbr və tənliklər problemlərinin isbatına dair traktat” adlı əsərində parabola, hiperbola və çevrə kimi konik səthlərin kəsişməsi vasitəsi ilə kub tənliklərin həlli yolunu göstərmişdir. 1637-ci ildə Rene Dekart yenidən eyni fikrin təsdiqi ilə çıxış etmişdir.


1074-cü ildə yeni bir təqvim hazırlamaq üçün Səlcuq sultanı Məlik şahın dəvəti ilə İsfahana gəlmişdir. İsfahanda Məlik şahın əmri ilə həmin dövr üçün ən böyük rəsədxana tikilmiş və ən yaxşı astronomlar burada bir yerə toplaşmışdı. Ömər Xəyyam bu rəsədxanada 18 il başçılıq etmişdir. Rəsədxana 1092-ci ilə qədər fəaliyyət göstərmişdir. Tarixdə “Məlik ilinin hesablanması” (Cəlali təqvimi də deyilir) kimi məşhur olan təqvim islahatı İsfahan rəsədxanasının fəaliyyətinin ən mühüm göstəricilərindən biri idi. Ömər Xəyyam digər təqvimlərdən fərqli bir uzun il tətbiq edərək 33 illik dövrlü çox daha dəqiq Günəş təqvimini hazırlamışdır.
Qeyd edək ki, uzun il təqvim ili ilə tropik ilin uyğunlaşması üçün daxil edilir. Tropik il və ya həqiqi Günəş ili Günəş diski mərkəzinin yaz bərabərliyi nöqtəsindən iki ardıcıl keçmə anları arasındakı müddətdir.

İsfahan Rəsədxanası


Nəsirəddin Tusi (1201-1274) “Zic Elxani” əsərində Xəyyamın təqvim islahatı haqqında belə məlumat vermişdir: “Məlikin adı ilə bağlı olan yeni il hesablaması haqqında. …Müəyyən edilmişdir ki, həmin ilin başlaması üçün Günəşin Qoç bürcünə daxil olduğu vaxt, yəni əsl baharın başlandığı gün götürülür. Qədim aylar kimi ayların adı farscadır. Astronomlar günlərin hesablanmasının asan olması və başqa təqvimlərdən fərqlənməməsi üçün ayların müddətini 30 gün kimi müəyyən etmişlər. Qalan beş gün İsfənd ayının ( İran təqviminin 12-ci ayıdır, 20 fevralda başlayıb 20 martda sona çatır) sonuna əlavə olunur, hər 4 ildən bir ilin üstünə bir gün əlavə olunur, bununla da il 366 gündən ibarət olur; dörd ildən bir yeddi dəfə belə edirlər, səkkizinci dəfə isə beş ildən bir uzun il tətbiq olunur”.
Əgər bu təqvimdə uzun ilin əvvəlki uzun ildən dörd il deyil, beş il fasilə ilə ayrıldığını və həmişə səkkizinci hesab olunduğunu nəzərə alsaq, nəticədə təqvimin 33 il dövrlü son dərəcə sadə bir təqvim olduğunu görərik, burada ilin 4,8,12,16,20,24,28 və 33-cü illəri uzun il hesab olunur. Bu zaman ilin orta müddəti 365.2424 günə bərabər olur, yəni tropik ildən kənara çıxmalar 0.0002 günə bərabərdir. Bu o deməkdir ki, 500 il ərzində 1 gün səhv olması mümkündür. Hazırda istifadə olunan Miladi təqvimində ilin orta müddəti 365.2425 günə bərabərdir, tropik ildən sapmalar isə 0.0003 günə bərabərdir, yəni, 333 il ərzində 1 il səhv olması mümkündür.


Mənbə:
Sultanov Ş.Z., Sultanov K.Z.// Ömər Xəyyam, 1991
Link1 Link2