Neptun planetinin qeyri-adi peyki Triton

Günəş sistemində Neptunun varlığını əvvəlcə nəzəriyyəçilər hesabladılar və bundan sonra planeti səmada onların qabaqcadan söylədikləri yerdə kəşf etdilər. Neptun öz parlaqlığını demək olar ki, dəyişmir və 8-ci ulduz ölçüsü qədərdir. Onun yerini adi binokl ilə səmada görmək olar. Neptunun atmosferində hidrogen və helium miqdarı Yupiter və Saturndakından azdır. Neptunun göy rəngdə görünməsinə səbəb onun atmosferində qırmızı şüaların metan tərəfindən udulmasıdır. Neptunda antisiklonlar ləkə şəklində qeyd olunur. Onlardan ən irisi Böyük Tutqun Ləkə adlanır. Bu ləkənin kənarları ağ buludlarla bəzənmiş və dolanma dövrü 16 gündür. Neptunun maqnit sahəsi Yerin maqnit sahəsinə uyğundur. Planetin maqnit qütbü coğrafi qütbündən 47° geridir. Neptun Günəşin ətrafında Yerdən 30 dəfə böyük radiuslu nəhəng orbit üzrə dövrə vurur.

1846-cı il oktyabr ayında həvəskar ingilis astronomu Uilyam Lassell Neptunun peyki Tritonu kəşf etdi. Bu peyk qeyri-adi idi. O, planetin fırlanmasının əks istiqamətində hərəkət edirdi. İndi müəyyən olunub ki, Yupiterin 4 xarici peyki və Saturnun kənar peyki Feba da planetin əks istiqamətində hərəkət edir. Lakin Triton onlardan seçilir. Onun diametri 2700 km, kütləsi Neptunun peykləri sisteminin kütləsinin yarısına bərabərdir. Triton Neptuna çox yaxın 355 min km məsafədə dövr edir. Tərsinə hərəkət edən planetin digər peyklərinin diametri 30km-dən 220km-ə çatır. Triton Günəş sistemində 2-ci peykdir ki, atmosferə malikdir. Atmosferinin tərkibi metanla qarışıq azotdur. Temperaturu -235° C-dir. Bu Günəş sistemində yaxınlıqda tədqiq olunan ən aşağı temperaturlu cisimdir. Tritonun səthi işıqlıdır və Günəş şüalarının 70-90%-ni əks etdirir. Peykin səthi buzludur. Nəinki su, hətta azot da donur. Son illərdə peykin tərsinə dolanmasının səbəbini aydınlaşdırmaq da mümkün olmuşdur. Komputer hesablamaları göstərir ki, peyklər sistemi nə qədər uzaq olsa, tərsinə fırlanan cisimlərin sayı bir o qədər çox olar. Günəşdən uzaqlaşdıqca peyklər sistemi də yavaş formalaşır. Neptun planetinin ətrafında peyklər sisteminin formalaşması yavaş getmiş, tərsinə fırlanan cisimlər üstünlük təşkil etmiş və Triton kimi böyük cisim əmələ gəlmişdir.

Mənbə:

Uşaqlar üçün ensiklopediya: astronomiya. Müəllif. Nəşriyyat, Şərq-Qərb. Nəşr yeri, Bakı. Nəşr ili, 2008. ISBN, 978-9952-34-191-1. Səhifə, 704.