Nəsirəddin Tusi

Ensiklopedik alim, filosof, ictimai-siyasi xadim Nəsirəddin Tusi (17.2.1201, Tus – 25.6. 1274, Bağdad) Şərq dünyasında etikaya dair “Əxlaqi-Nasiri” adlı məşhur əsəri ilə və Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanmışdır.

Nəsirəddin Tusinin ilahiyyata, fəlsəfəyə, siyasət və etikaya dair traktatlarında onun dünyagörüşü geniş ifadəsini tapmışdır.

Nəsirəddin Tusinin bir çox əsərləri dünyanın müxtəlif kitabxanalarında mövcuddur. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Qazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür.

Professor Həbibulla Məmmədbəyli Nəsirəddin Tusinin astronomiya və riyaziyyat elmləri sahəsindəki xidmətlərini geniş şəkildə tədqiq etmişdir.

Nəsirəddin Tusinin dünya elm və mədəniyyəti tarixində mühüm xidmətlərindən biri 1259-cu ildə Marağa Rəsədxanasını təşkil etməsidir. Rəsədxananın tikintisi 1259-cu ildə Marağa şəhərinin qərbindəki təpənin döşündə başlanır. Nəsirəddin rəsədxana binalarının layihələşdirilməsində və astronomik cihazların qurulmasında şəxsən iştirak edir. Görkəmli astronom və konstruktor Müəyyidəddin Ordi ilə birlikdə rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırırlar. Yeni konstruksiyaları alimlərin özləri işləyib hazırlayır. Bundan başqa Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Ordinin oğlu Məhəmməd tərəfindən hazırlanmış göy qlobuslarından biri bizim günlərə qədər çatmış və hal-hazırda Almaniyanın Drezden şəhərində saxlanır.

O, ayrı-ayrı millətlərin müxtəlif əqidəli 100-dən çox nümayəndəsini buraya toplamış, onların işləməsi üçün lazımi şərait yaratmışdır. Rəsədxana nəzdində fəaliyyət göstərən mədrəsədə o dövrün bütün bilik sahələri, elmi, dini, fəlsəfi və ictimai-siyasi təlimləri öyrənilirdi. Mədrəsənin 400 min cilddən çox kitabı olan zəngin kitabxanası var idi.

Rəsəxanada müsəlmanlarla birgə xristianlar, buddistlər, nestorianlar və iudaistlər də çalışırdı. Bunlar türklər, farslar, ərəblər, monqollar, çinlilər, gürcülər, tatarlar, yəhudilər və digər millətlərin nümayəndələri idilər. Tusinin tikdirdiyi rəsədxana öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyur.

Şamaxı Astrofizika Rəsədxanasının da adını daşıdığı ensiklopedik alim N. Tusi ilə “Astronomiya elminin alimləri” kateqoriyamızın ilk yazısını sizlərin diqqətinə çatdırdıq.