Kosmonavtlar kosmosda necə qidalanır?

Kosmik qidalar, kosmosa səyahətlər zamanı kosmonavtların istifadəsi üçün yaradılan və işlənmiş bir qida məhsuludur. Yaxşı bəs kosmonavtlar kosmosda nə ilə qidalanırlar? Yəqin ki, bu sual hamını düşündürür. Bu sualın cavabı təqribən əlli il əvvəl bugünkündən fərqli olardı. Kosmos səyahətinin ilk illərində kosmonavtlar diş məcunu kimi borulara yığılmış yumşaq, pastaya bənzər qidalardan istifadə edirdilər. Bu gün isə qida müxtəlifliyi elə Yerdəki kimidir.

Tarix boyu tədqiqatçılar və səyahətçilər qidaları qorumaq və səyahətləri üçün kifayət qədər yemək aparmaq üçün çıxış yolları tapmalı idilər çünki, qidalanma insan sağlamlığının təməlidir. Bu problem xüsusilə insanların yelkənli gəmilərdə uzun dəniz səyahətləri etdikləri dövrdə çətin idi. Kolumb, Magellan və Kuk kimi böyük tədqiqatçılar qurudulmuş və duzlu suda saxlanılan qidaları daşıyırdılar.

Cohn Glenn 1962-ci ildə Dostluq 7 gəmisində kosmosda yemək yeyən ilk Amerikalı idi. O dövrdə qida maddələrinin cazibənin olmadığı vəziyyətdə qəbul edilməsi və udulmasının mümkün olub-olmadığı məlum deyildi. Glennin kosmosda istifadə etdiyi yemək bişmiş alma suyundan və şəkər tabletkalarından ibarət idi.

Kosmosda istifadə olunan qidanın hazırlanması çox çətin bir prosesdir. Yeməklər bir sıra meyarlara cavab verməlidir. Birincisi, yemək fizioloji cəhətdən uyğun olmalıdır. Xüsusilə qidalandırıcı, asanlıqla həzm olunan və dadlı olmalıdır. İkincisi, qida sıfır çəkisi olan bir mühitdə istehlak üçün hazırlanmalıdır. Nəhayət, qidalar yaxşı saxlanılmalı, asanlıqla açılmalı və az tullantılı olmalıdır. Həmiçinin qidaların üzərindəki etiketlərdə yeməyin hazırlanması təlimatı həm ingilis, həm də rus dilində göstərilməlidir.

Əgər çəkisiz bir mühitdə yeməklər və içkilər düzgün qablaşdırılmasa boşluğda üzəcəklər. Bu problemlə mübarizə aparmaq üçün qidalar diqqətlə seçilir və içkilər susuz toz şəklində qablaşdırılır, içilmədən əvvəl xüsusi borudan içkilərə su əlavə edilir.
Kosmosda uzun müddət qaldıqda əzələ kütləsi və sümük sıxlığı iyirmi faiz azalır. Bu itki kosmonavtlara orbitdə olarkən maneə olmasa belə, ancaq zəifləmiş sümüklər yerə qayıdarkən qırıq riski ilə üzləşir. Bu səbəbdən idman və kalsiumla zəngin qidalar kosmosda daha vacibdir.

Yeməklərin xarab olmasının qarşısını almaq üçün qidalar qismən və ya tamamilə susuzlaşdırılır, ətlər isə daha uzun müddət təzə qalması üçün radiasiyaya məruz qalır. Dondurma – qurutma üsulundan istifadə edilir, bu üsulla yemək bişdikdən sonra tez dondurulur və susuzlaşdırılır. Dondurulmuş, qurudulmuş qidanı yemək üçün kosmonavtlar qida paketlərinə isti su sıxırlar. Qida suyu qəbul etdikdən sonra yeməyə hazır olur. Kosmonavtlar yer üzündə olduğu kimi gündə üç dəfə ( hər gün ən az 2500 kalori ) yemək yeyirlər (üstəlik davamlı olaraq qəlyanaltılar ). Bəzi qidalar 160 ilə 170 dərəcə Farenheyt (71-76 0S) temperaturlu sobada qızdırılır. Bir yeməyi nəmləndirmək və qızdırmaq təxminən 20 ilə 30 dəqiqə çəkir. Yeməklərinin kosmosda üzməməsinə əmin olmaq üçün kosmonavtlar Velkro bağlayıcılardan istifadə edirlər.

Kosmik qidaların aşağıdakı bir neçə təsnifatı mövcuddur:
İçkilər (B) – Dondurulmuş, qurudulmuş içki qarışıqları (qəhvə və ya çay) və ya ətirli içkilər (limonad və ya portağal içkisi) vakuum möhürlü içki kisələrində toz şəklində saxlanılır. Şəxsi dad seçimlərinə görə qəhvə və çaya şəkər əlavə edilə bilər.
Fresh Foods (FF) –Tədarük missiyaları ilə çatdırılan təzə meyvələr, tərəvəzlər və tortillalar (qarğıdalı kökələri). Bu qidalar tez xarab olur və xarab olmanın qarşısını almaq üçün paketin Beynəlxalq Kosmik Stansiyaya (BKS) gəlişindən sonrakı ilk iki gündə yeyilməlidir.
Şüalanmış ət (İ) – Yeməyin xarab olmaması üçün ionlaşdırıcı radiasiya ilə sterilizasiya edilən mal əti – biftek.
Tam susuzlaşdırılmamış yeməklər (İM) – Tərkibində müəyyən qədər maye olan, dərhal xarab olmayan qidalar.
Natural Form (NF) – Ticarətdə mövcud olan, yeməyə hazır olan qoz-fındıq, peçenye, quru meyvələr.
Refidratlaşdırıla bilən qidalar (R) – Müxtəlif texnologiyalarla susuzlaşdırılan (istiliklə qurutma) və istehlakdan əvvəl isti sudan istifadə edilməsinə icazə verilən qidalar. Qidalarda suyun azaldılması mikroorqanizimlərin inkişaf qabiliyyətini azaldır.
Çörək məhsulları – 18 aya qədər saxlama müddəti olan çöp peçenyelər, vaflilər və ruletlər.
Dad əlavələri – Maye duz, bibər pastası, mayonez, ketçup və xardal. Ancaq bu ədviyyatlar maye şəklində olmalıdır. Əks təqdirdə, dənələr sadəcə ətrafınızda üzəcəkdir.
Hal-hazırda NASA-nın Qabaqcıl Qida Texnologiyaları Layihəsi (QQTL) uzunmüddətli kosmik tədqiqat missiyaları üçün kifayət qədər qida tədarükünün təmin edilməsinin əlverişli yollarını araşdırır.

Mənbə:
https://science.howstuffworks.com/astronauts-eat-in-space.htm
https://en.wikipedia.org/wiki/Space_food