Astronavt və kosmonavt sözləri haradan gəlir?

Bəli, bu sualın cavabı kosmik tədqiqatın ilk günlərində və bu dövrdə oynayan siyasətlə çox bağlıdır. Kosmos yarışı başladığından bəri Amerika və Rusiyanın kosmosdakı missiyalarda iştirak edən insanları fərqləndirməsi vacib idi. Axı, onlar bir-biri ilə çox ciddi rəqabətdə idilər və eyni rolda olmalarına baxmayaraq fərqli adlar seçməkləri heç də təəccüblü deyil. Məncə bir astronavt və kosmonavt arasındakı ən vacib fərq təlim qurumudur.

Rusiyada və keçmiş Sovet Sosialist Respublikaları İttifaqı ölkələrində kosmos proqramı haqqında məqalələr dərc edilən zaman həmişə kosmonavt terminindən istifadə ediblər və bu hal-hazırda da davam edir.

NASA (National Aeronautics and Space Administration), ESA (European Space Agency), CSA (Canadian Space Agency) və JAXA (Japan Aerospace Exploration Agency) kimi digər kosmik agentliklər yalnız öz kosmik səyahətçilərini “Astronavt” adlandırırlar.
Elmi aləmdə istifadə olunan bir çox söz kimi, kosmosa göndərilən cəsur insanlara aid olan sözlərin kökü qədim yunan dilindən qaynaqlanır. Astronavt sözü – “Astro” ön şəkilçisinin mənası ulduz, “naut” son şəkilçisi isə dənizçi deməkdir, yəni “ulduz dənizçisi” mənasını verir. Kosmonavt sözü – “Cosmo” ön şəkilçisinin mənası kainat, “naut” son şəkilçisinin mənası dənizçi deməkdir, yəni “kainat dənizçisi” mənasını daşıyır. İndi isə kosmonavt və astronavt arasındakı əsas fərqlərlə tanış olaq.

Kosmonavt və ya astronavt olmaq üçün seçim meyarlarında, seçim prosesində, təlimlərdə, istifadə olunan kosmik geyim və avadanlıqlarında və həmçinin vəzifələrində bəzi fərqlər vardır: Astronavt olmaq çox vaxt, çox məşq və çox sayda səyahət tələb edən böyük bir öhdəlikdir. Burada seçim meyarları sərtdir.

Astronavt olmaq üçün tələblər aşağıdakılardır:

1. ABŞ vətəndaşı olmalı;
2. Mühəndislik, bioloji elm, fizika, kompüter elmləri və riyaziyyat da daxil olmaqla STEM (Science, technology, engineering, and mathematics) sahəsində magistr dərəcəsinə sahib olmalı;
3. Təhsili bitirdikdən sonra ən azı iki illik peşə təcrübəsinə və ya reaktiv təyyarələrdə ən azı 1000 saat pilot-komandir uçuş müddətinə sahib olmalı;
4. Astronavt namizədləri liderlik, komanda işi və ünsiyyət bacarıqlarına sahib olmalı;
5. Uzun müddətli uçuş üçün fiziki olaraq uyğun olmalıdır. Fiziki uyğunluq dedikdə, boyunun hündürlüyü 1.58-1.88 m olmalı, gözlərin görmə qabiliyyəti 20/20 səviyyəsinə uyğun olmalı, qan təzyiqi 90 – dan aşağı və 140 – dan yuxarı olmamalıdır, maksimum yaş həddi isə 40 yaş olaraq müəyyən olunmuşdur.

Kosmonavt olmaq üçün isə tələblər bunlardır:

1. Seçimdə Rusiya Federasiyasının kosmonavt namizədi kimi Rusiya Federasiyasının vətəndaşlarına üstünlük verilir;
2. Müraciət edənlərin yaşı 35 – dən yuxarı, boyunun hündürlüyü 1.7 m- dən uzun olmamalı, çəkisi 50-90 kq olmalıdır;
3. Yaxşı fiziki hazırlığa malik olmalı və xroniki xəstəlikləri olmamalıdır;
4. Müraciət edənlər elmi, mühəndislik və ya uçuş ixtisasları üzrə ali təhsilə, 3 illik təcrübəyə və ən azı 900 saat uçuş vaxtına malik olmalıdır;
5. Tələblərdən biri də İngilis dilini bilməkdir.

Kosmos, Kainatdakı yerimiz və Günəş sistemindəki gələcəyimiz haqqında daha çox məlumat əldə etməyimizdə milliyyətindən asılı olmayaraq amerikalı, rus və ya digər millətlərdən olan kosmonavtlar və ya astronavtların əvəzolunmaz xidmətləri vardır.

Sonda bu günə qədərki, ən məşhur astronavt və kosmonavtların adlarını qeyd etmək istəyirəm:

Məşhur astronavtlar :
Sally Ride
Neil Armstrong
Buzz Aldrin

Məşhur kosmonavtlar:
Yuri Qaqarin
Valentina Tereşkova
Aleksey Leonov

Mənbələr:
https://starlust.org/cosmonaut-vs-astronaut/
https://astronaut.com/5-main-differences-between-an-astronaut-and-a-cosmonaut/