Əl-Biruni

İslam tarixinin ən tanınmış alimlərindən olan Əbu Reyhan Muhəmməd ibn Əhməd Əl-Biruni (4 sentyabr 973, Xarəzm – 9 dekabr 1048 Qəzn) əsrinin ən böyük alimlərindən biri olaraq qəbul edilmiş, yaşadığı dövrə “Biruni əsri” deyilmişdir. Riyaziyyat, fizika, tibb, coğrafiya, fəlsəfə, astronomiya, tarix kimi bir çox elmi sahələrdə 150-dən çox əsəri vardır. Hindistana etdiyi səfərlər zamanı sanskrit dilini öyrəndiyinə görə Hind astronmiyasına da tam hakim idi. Ptolomeyin “Almagest” əsərini və bir çox əsərləri sanskrit dilinə, eyni zamanda yunan və ərəb dilindəki əsərləri də hind dilinə tərcümə etmişdir.

Həmin dövrdə Ptolomeyin geosentrik sisteminin qəbul edilməsinə baxmayaraq Əl-Biruni Günəş mərkəzli sistemin varlığından xəbərdar idi. 1031-ci ildə Biruni, astronomik nəticələrini qeyd etdiyi “The Mas’udic Canon” (“Al-Kanunü’l-Masudi”) adlı əsərini tamamlamışdır. Yunan, ərəb və hind astronomiyasının sintezi olan bu məşhur əsərində Aristotel və Ptolomeyin fikirlərinə qarşı çıxaraq, Yerin Günəş ətrafında və öz oxu ətrafında fırlanması fikrini müdafiə etmişdir. “Key to Astronomy” (“Miftah-ilm-alhai’a”) əsərində bir daha Yerin öz oxu ətrafında fırlanmasından, heliosentrik və geosentrik sistemlərin astronomiyada heç bir fərq yaratmayacağından bəhs etmişdir. Məhz Kopernikdən 500 il əvvəl bu fikirləri söylədiyindən bəzi tarixçilərə görə Biruni, Koperniklə başlayan müasir astronomiyanın ilk təməllərini qoymuşdur.

Hələ Nyuton qravitasiya qüvvəsini kəşf etməzdən təxminən 600 il əvvəl Yerin cazibə qüvvəsi haqqında dedikləri də olduqca maraqlıdır : “Əgər Dünya fırlanırsa, nə üçün ağaclar və daşlar yerlərindən çıxmır? deyənlərə belə cavab veririk: “Bu Yerin fırlanması haqqında olan nəzəriyyəmizi təkzib etmir. Çünki hər şey Yerin mərkəzinə düşür. Bu da mərkəzdə cazibə qüvvəsi olduğunu göstərir. Bu cazibə Yer üzündən əşyaların atılmasının qarşısını alır”.

Yerin radisunun 6339.9 km olaraq müasir qiymətinə ən yaxın ilk təyinin də ona aid olduğu bilinir.

Biruni Ay və Günəş tutulmalarının izahını, göy cisimlərinin parlaqlıq dərəcələrinə görə təsnifatını vermiş, 1029 ulduzun kataloqunu tərtib etmişdir.

Mənbələr:


The Oxford History of İslam , 1999
Link
A.Seyidov “Orta əsrlər Azərbaycan-müsəlman riyaziyyatçıları və astronomları”, Bakı 2009
Seyyed Hossein Nasr, An İntroduction to İslamic Cosmological Doctrines, 1993 State University of New York